Birinci hissə
Dünya və bizim hər birimiz – böyük yaradılışın iki qütbüyük. Dünya bizi yaratdığı tək biz də dünyanı yaradırıq. Bizim şüurumuz dünyanı təbiiliyində alıb özünə dərk olunmuş şəkildə qaytarır: dünya bizim varlığımızda yenidən doğulur. Homosivilizasiyanın universumla münasibətləri də bu əsasda qurulmalıdır: universumdan aldığını toplayıb saxlamaq yox, onu özünə idrak mükəmməlliyi ilə qaytarmaq modelində.
Aparıcı ideyalar, konsepsiya və nəzəriyyələr, dəyişdirici gücə malik strategiyalar, təbii olaraq, həmişə dünyanın aparıcı ölkələrində meydana çıxır. Hələ indiyədək geri qalmış ölkələrin heç birində üstün fikir daşıyıcılığına rast gəlinməyib. İdeyanı o şəxsiyyət yaradır ki, qabaqcıl düşüncələrin polifoniyasında, yetkin şəxsiyyətlərin universal qaynağında yetişir.
Genetik xəstəliklərdən də yaman – “tarixi xəstəlikdir”: insanlararası, dövlətlərarası münasibətlərdə meydana çıxaraq neqativini zaman-zaman daha artıq yükləyib gələcəyə ötürən və hər dövrdə də yeni-yeni metastazlarla təzahür edən kompleks. Bu gün mövcud olan “tarixi xəstəliklərin” çoxu az qala bəşəriyyətin yaşıdıdır.
Dünya siyasəti nə qədər tarixi ədalətsizliyə yol verildiyini, nə qədər dolaşıqlığa salındığını ən çox bunda – etnik coğrafiya ilə siyasi coğrafiyanın uyğunsuzluğu gerçəyini qlobusun hamar səthindəki rənglər ilğımında gizlədə bilməməsi ilə təzahür etdirir.
Birinci Dünya Müharibəsində sol ayağını, İkinci Dünya Müharibəsində sağ ayağını, Soyuq Müharibədə qulaqlarını, Post-Soyuq Müharibədə gözlərini itirən qlobal siyasət (Global Politics) indi hərəkətsiz, kar və kor qalıb, ona görə də yalnız əlləri ilə anlaşılmaz jestlər edir, kötük bədəni, əzik başı ilə əcaib davranışlar yapır.
On minlərlə, yüz minlərlə qulun, muzdlunun, möhtacın təri, qanı, canı üzərində “əbədi”, “ilahi” hökmranlıq adına ucaldılmış dünyanın “möcüzə”-tikililəri – ehramlar, sərdabələr, panteonlar, məbədlər, saraylar, qəsrlər… – o hökmranlığın təntənəsi deyil, əzilib-tapdalanmış insanlığın məşəqqət abidələridir. Həmin abidələrdə nə qədər “böyük tarixi sirlər” gizlənsə də, bu gün milyonlarla turist, əslində, Böyüklüyün yox, Kiçikliyin, Əzəmətin yox, Miskinliyin ziyarətinə gedir, heçliyin və puçluğun tozanağına bələnirlər.
“Bir nəfərin ölümü – faciə, milyonların ölümü – statistikadır.” Veymar Respublikasının publisisti Tuxolskinin ilk dəfə işlətdiyi, Remarkın modifikasiya etdiyi bu fikri diktator Stalin də öz ampluasında istifadə edib. Sanki tək-tək və kütləvi şəkildə insanları qırdığına haqq qazandırmaq üçün. Həqiqətsə belədir: “Bir nəfərin ölümü – faciə, milyonların ölümü – milyon kəslərin faciəsidir. Lakin bir nəfərin ölümündən də ağır, milyonların birgə fəryadından yoğurulan faciəsidir.”
Heç zaman görüşməyən, aralarında heç bir düşmənçilik və ədavət olmayan Hitler və Stalinin milyonlarla əsgəri bir-birini öldürüb, bir-birinin bərəlmiş gözlərinə baxa-baxa, bir-birini süngüyə taxıb. Alimlər də bu absurda tarix deyir. Hitler və Stalini doğma qardaşlar tək bir yerdə basdırmaqla absurd “məntiqi sonluğuna” çatardı…
Faşizm və Kommunizimdən sonra üçüncü ən təhlükəli siyasi ideologiya budur: özünü dünyanın üstündə – fövqəldövlət statusunda görən Realpolitik. Üçüncü minilliyin ilk əsri – XXI yüzil Realpolitikdən imtina edilməsi və onun anti-bəşəri sayılması ilə – deməli, beynəlxalq siyasətlə beynəlxalq hüquq arasındakı köklü ziddiyyəti aradan qaldırmaqla yeni tarixi epoxanın başlanğıcı ola bilər.
İndi təzə çaydan da qaynayanda fit çalır. Görün, sivilizasiya nə qədər inkişaf edib. Keçmişdə bir ölkə o biri ölkəni alanda çoxunun xəbəri olmurdu. Təhlükə gəlib sənin çəpərinə çatanda ayılırdın. Amma bəşəriyyət özünü yaratdığı nüvə silahları ilə məhv etsə, sivilizasiyanın başlanğıcındakı fit bir də eşidiləcək: qamış tütəyin səsi.
İnkişaf etdirilmək üçün güclü ideya toxumu olan bir çox təlimlər seçkinliyindən kütləviləşməyə doğru hərəkət yolunda qəzaya uğrayır, əsl mahiyyətini itirib, törəmə cərəyan və kastaların əyninə volyuntaristcəsinə biçilirlər: bu səbəbdən onlar ya yerlə sürünən əbada, cəhalət mağarasında, ya da “mini yubkada”, estradalaşmış durumda görünürlər.
Ortaçağ İslam Şərqində fəlsəfə ilahiyyatın içərisinə elə girdi ki, bir daha oradan çıxa bilmədi. İlahiyyat fəlsəfəni yeyib qurtardıqdan sonra özü də, təbii ki, qurudu. Vağam olmuş İslam ilahiyyatı böyüyüb yetkinləşən insan ruhuna daha hansı enerjini verə, ona yeni dayaqlar yarada bilərdi ki?!
Teologiyadan qurtulması – fəlsəfənin gücü, tanrısallıqdan üzülməsi isə onun zəifliyidir. Fəlsəfə allahsızlaşandan sonra dekadansa tam yuvarlanmış vəziyyətdədir. Onun səthi-formal rasionalizmi və yapma optimizmi isə iflicin idarəolunmaz hərəkətlərinə, dartılmış üz əzələlərindən zorla gülüş qoparılmasına bənzəyir.
İslam Avropaya iki böyük ekspansiyasının (VIII əsr – ərəblər; XVI əsr – osmanlılar) ikisində də İnsan yox, Torpaq fəth etmişdi. Son üç yüz ilin Qərb əks-ekspansiyası da təxminən eyni nəticələrə dirənmişdir. Bir-birini yeyən sivilizasiyaların dişləri bax belə tökülür.
Ailədə arvaddan başqa heç kimlə yatmaq olmaz – yasağı ilə erkək dini əxlaq erosun qarşısını ala bilməyəcəyini görüb, bu qızmış atın yüyənini açaraq, onu dişi sürüsünün üstünə – limitsiz çoxarvadlılıq, çoxməşuqəlilik orgiyasına buraxır. Yüzillərdir ki, Şərqdə hərəmxana – erotik sivilizasiyanın episentri kimi planetimizə xüsusi şəhvani kolorit verir.
Patriarxal epoxada qadın həyatın arxa planında idi, feminist epoxada isə ön planındadır: birincisində – qadın potensialı dincə qoyulur, ikincisində – istismar edilir; birincisində – kütdür, kəsmir, ikincisində – doğrayıb tökür; əski zamanlarda qadının ətri daha çox məst edirdi, bizim zamanlarda isə Qadınlığın Göyqurşağı görünmür…
Fikir tarixində ilk dəfə mayevtika (μαιευτική) üsulu ilə qadınlardan yox, məhz kişilərdən ideya doğuzduran müdrik Sokrat öz fəlsəfi mamaçalığında bircə bunu nəzərə almayıb: doğulan ideyanın erkək ya dişi olmasını.
Egey dənizinin Kos adasında bitən, 2400 il yarpaqlamış, Aristotelin və Makedoniyalı İsgəndərin yaşıdı, gövdəsi 18, hündürlüyü 36 metrlik Çinarın kölgəsində antik sivilizasiya ilə dizbədiz qonuşmaq, Filosofun əsərlərini, Fatehin əməllərini bu ağacın yaşı və yaddaşı ilə sınağa çəkmək olar!
“Avesta”da dünyanı ilk metafizik qarşıdurmada – Ahura Mazda [Hörmüz] (Xeyir) və Anqro Manyu [Ahriman] (Şər) başlanğıcında dərk edən insan “Kitabi Dədə Qorqud”da həmin ziddiyyəti Dədə Qorqud (müdriklik) və Yalıncıq (cahillik) başlanğıcında dərk edir. Bu – fenomenal dünyanın mürəkkəb substansiyasına doğru etik idrakın zahiri qütbləşdirmədən daha dərinə nüfuz etməsidir.
Hind fəlsəfəsində darşana – həqiqəti görmənin elə bir ortamını yaradır ki, bir-birinin ardınca doğulan və özündən əvvəlkini nəinki təkzib edən, hətta öldürüb dəfn etməyə çalışan digər Şərq və Qərb fəlsəfi təmayüllərindən fərqli olaraq, burada eynizamanlı və müxtəlifzamanlı məktəb və cərəyanlar universal fəlsəfi sistemin tərkib hissəsi olurlar. Deməli, yalnız Həqiqət nüvəsində alternativ mövqe və dünyagörüşləri öz optimal konfiqurasiyasını quraraq mərkəzlənə bilir.
Hindlilərdə Atman, çinlilərdə Dao, yunanlarda Demiurq, yəhudilərdə Yahva, türklərdə Tanrı, xristianlarda Teos, müsəlmanlarda Allah, transendental fəlsəfədə Mütləq, elmdə Böyük Partlayış! Bütün ideasional ziddiyyətlərdən sıyrılıb yüksəyə qalxanda bunlar hamısı – Vahid Yaradıcı Qüdrətin təcəllası tək saçılır insan zəkasında!
Əsasında xeyirxahlıq dayanan əxlaq – əsasında əxlaq dayanan siyasət – əsasında siyasət dayanan dövlət. Bu dövlətin özü və xalqı, daxili və xarici həyatı ziddiyyətə gəlmir. – Konfutsinin (e.ə. 551-479) bütün tarixə örnək olan ali prinsipi belədir: dövlətin xeyirxah əxlaq təməlli siyasəti. Məhz bu meyarla, xeyirxah əxlaqa sahib dövlət adamına – SİYASƏTÇİ deyilir.
Konfutsi müdrikcə söyləmiş: “Əgər ölkədə yol (qanunun və ədalətin yolu) varsa, yoxsul və rəiyyət olmağından utan, əgər yol yoxsa, varlı və zadəgan olmağından utan.” Çin mütəfəkkiri yalnız bundan yan keçmiş: İnsan elə yolsuzluqda varlanana qədər onu utandıra biləcək bütün abır-həyasını itirir…
Daos filosofu Çjuan-tszı: “Körpəliyində ölən kəsin həyatından da uzun ömür yoxdur.” Qısalan Həyat uzanan Əbədiyyətdir – mistikası ilə düşünəndə, ya da Həyatı və Əbədiyyəti özündə birləşdirib onların sərhədini siləndə, ömür zamanın bu dəyərini alır. Fəqət həmin körpənin dodaqlarını axtaran südlə dolu ana döşlərini buna inandırmaq olarmı?!
İdrakın yaranışından onun fəaliyyət nəticələrinə qədər bütün prosesi indiyədək heç kimin varmadığı dərinlikdə izləyən İmmanuil Kant yalnız mühakimə qabiliyyətinin olmadığı çatışmazlığa çarə görmür – nadanlığa.
Artur Şopenhauer deyəndə ki, “hər kəsin fizionomiyası olduğu kimi, hər epoxa da özünəməxsus fizionomiyaya malikdir” – dərhal mənim təsəvvürümdə yaşadığımız epoxanın fizionomiyası canlanır: qafası konservləşən, bədəni konservantlaşan homo-postmodernikus.
Qərb filosofları və humanitar alimləri (İntibahçılar, Dekart, Bekon, Viko, Volter, Russo, Didro, Lokk, Berkli, Yum, Kant, Herder, Hegel, Fixte, Şellinq, Şopenhauer, Nitsşe, Spenser, Bredli, Toynbi, Vindelband, Rikkert, Diltey, Şpenqler, Berqson, Kroçe, Kollinqvud…), əsasən, XVI əsrdən başlayaraq, insanı o qədər təbiətdən tarixə, tarixdən təbiətə sürüdülər ki, axırı o, yarıvəhşi-yarırobot bir məxluqa çevrilmiş oldu…
* “Çarpımlar” – “Reflektiv Deyimlər” (“Reflection Quotes”) anlamında