sim-sim
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
Reading: Rahid Ulusel. Duyğu çağı
sim-simsim-sim
Font ResizerAa
Axtar
  • Proza
  • Poeziya
  • Kino & Teatr
  • Yaradıcılıq fakultəsi
  • Mənim sevimli hekayəm*
  • Kamal Abdulla – 70
© sim-sim.az
sim-sim > Blog > Köşə > Rahid Ulusel. Duyğu çağı

Rahid Ulusel. Duyğu çağı

Published 12/05/2022
Paylaş

Sim-sim.az Rahid Uluselin “Çağlar” silsiləsindən ayrıclar”ı təqdim edir. 

 

III hissə

 

 

Ağ-yumşaq buludlar üzərində bütün çiçəklərin ləçəklərindən xalı sər:

O pak məkanda uzun illər bir-birinə yol gələn aşiq bədənlər öpüşər!

 

Qanad necə yaranıb – canlını yerdən göyə qaldıran qanad?!

… Qollarım lələkləndi, uçdum cavab dalınca, ardımca su at!

 

Dalğalar üstündə – sən, buludlar altında – mən:

Necə doyaq araya dolub daşan sevgidən?!

 

Zənci dişləri tək ağappaq bir qız, zənci pəncəsi tək bəmbəyaz oğlan:

Toranlığın qucağında – ayılmaq istəməzlər dadlı eşq yuxusundan.

 

Dirilər yatar

Ölülər gəzər

Tək yuxulurda.

Sevgili canlar

Birdən oyanar

Tək qoxulardan…

 

Sevgi qumruları uçsa əgər can yuvasından,

İtəcək, görünməyəcək səman radarlarında.

 

Üzümüzü heç zaman güzgüsüz görə bilmədik.

Şüşəyə dəyib sındıq, içəri keçə bilmədik.

 

Dərdin ən ağır qurğuşunu köksə bu çağlarda çökür…

Sözün ən dolu damlaları qəlbə bu çağlarda köçür…

Qırılır sozalmış ömrü həyatla bağlayan son tellər…

Sən olmayacağın səhərə bu Qürub göz yaşı tökür…

 

Başlayır həzin-həzin küz günləri payızın:

Yenə döyülmədi qapısı – qarımış qızın…

 

Təklərin tənhalığı ikiqat ağır:

Lələklər üzərinə qurğuşun yağır…

 

Sonu dumanda itən bir kənd yolunda  Allahı yalvarışsız çağıran bir dəlinin səsi

Sədalanır qulağımda, qəlbimdəki qayalara dəyə-dəyə: “Ey kimsəsizlər kimsəsi!”

 

Dara çəkilib sanki, göbək rəqsi oynamır sürü-sürü balığı itən yosun.

Çərənçi şəhər meşəyə danışır – mebellənmiş taxtanın yaşıl ağac yuxusun.

 

Durna qatarından qırılıb düşdü muncuq dənəsi – bir gözəl sona

Düz hərəmxanaya – qanadları qırılmış cariyələr arasına.

 

Başı daşdan-daşa dəymiş yaşıl gözü yaşlılar

Baş qoymağa mərmər yox, mamır üzlü diz axtarar.

 

Donar barmaqların saçlarını dararkən, Pərim!

Ömrünün qışı fəslin qışından sərt keçənlərin…

 

Dünyanın dərdlərin çəkib özünə

Çəkdiyi dərdləri çöküb üzünə

Yığıb varlığından olub-qalanın

Son gizlin kahaya – köçüb gözünə.

 

Həzin sızıltısı sızan

Müqəddəs yaralar var ki,

Əsirik üstündə hər an –

Kor gözün qoruyan təki.

 

Dərdlərinin sıxlığından saçlarına daraq girməz,

Köksündəki çatlarasa, ağrı dolar nizə-nizə…

 

Nə qədərdir, görən, göz yaşının yaşı:

Yaş yanaqda quruyur, sümük daşlaşır…

 

Qarı dağlar qırçınında qıvrılıban necə çatsın ana səsə bala səs…

Bu dünyanın sifətində iki gözün iki damla yaşı belə görüşməz…

 

Xortumla quyruq arasında bir yekəpər fil də var – çoxları heç görməz onu.

Oturub ocaq qırağında doğru söz boyda bir qarı – kimsə dindirməz onu…

 

Haram sarayının yanında bir yastı dam var – ədalətin daxması:

Çil-çıraqlar kor edər nəfsi tuluq gözləri – ordan işıq axmasa.

 

Uşaq evinin balacası… Onu atmış anasının “şəklini” tabaşirlə asfaltın üstünə çəkib… Ayaqqabısını da onun yanında çıxarıb ki, “ana ərazisini” tapdamaq olmaz. Sonra şəkil-anasının qucağına sığınıb…

Uşaq! Sən dünyanın doğduğu ən müqəddəs qızsan, oğulsan!

Əgər yeni bəşəriyyət doğulacaqsa – səndən doğulsun!

 

Sığallar quzunun başını mehrlə qəssab – kəsməzdən öncə:

Titrər şəfqətdən ürəyi, ancaq – diksinər ağzındakı yonca!

 

Payızın otu qaldırır çiyninə yarpağın tabutun…

Qərib dünyada kimsənin kimsəsiz olduğun unudun.

 

Qurtarmaz keçini mələrtisi susuzluğundan,

Bıçağınsa yanğısını səssiz söndürəcək qan.

 

Ağıllı baş, kəsiləndə diyirlənmə uzağa:

Qanın yolda not yazır bədəndən qopduğun çağa.

 

Danışır vurulan baş qan kəsilincə:

özü də keçmişdən yox, gələcəkdən…

 

İki səsin sarmaşığı tarixin səbrini dəlir:

Biri çalğı, biri işgəncə alətlərindən gəlir.

 

Qalarmı, görəsən, Şərin ürəyində kin,

Baş qoyub dinləsək Şərin ürəyindəkin?!

 

Sap tək nazilir üfüq gün batabatda

Sudan üzülür əlin sən çataçatda

Yanar dağlar da qocalanda ovulur

Yıxılır kor dərənin ayağı altda.

 

Qrammafon valında uyuyan səsin

İstəyi bir iynə – cızsın sinəsin…

Astaca saçını darayan barmaq

Ən məhzun çağında olacaq bəsin.

 

Ömrün illərini əritdik şam-şam

Şamların mumundan tikilməz ki taxt

“Bir zamanlar mən də qoca olmuşam!” –

Bax, bunu deməyə çatmayacaq vaxt.

 

Ölür həyat bir ömürün içində

Olur vağam sıza-sıza keçincə

Yaşanmamış həyat ikiqat ölüm –

Bilməz bədən bu dünyadan köçüncə.

 

 

Doğuzdurur insanı həbəçi, basdırır qəbirqazan:

Gətirir dünyaya qadın, kişi aparır dünyadan.

 

Yuvasız duyğuların yad qapılarda gecələr,

Öz əlinlə canının camını sındırsan əgər.

 

Özünə endikcə sən, Tanrıya yüksəlirsən.

Yalnız özün aça bildiyin ən ulu sirsən.

 

Çiçəkdən ideyaya birbaşa yol var – tap onu.

Yalnız səninçün çaxır bu ani şimşək – qap onu.

 

Bat, boğul, çalxan, üzdükcə üz – məna dənizində:

O qədər durulsun ki – dibi görünsün üzündən!

 

Tənhalıq! Bütün zənginlik və şöhrətdən üstün vətənin!

Heç kəsin olmadığı məkanda daha nəyin yoxdu sənin?!

 

İstərsən, göy dibindən yerə daş:

Suyu sındıra bilməzsən, ey daş!

 

Dünyanın görünən tərəfində görünmədim.

Görünməyən tərəfindən gələn o səs – məndim.

 

Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Email Copy Link

Sim-sim.az gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid geniş spektrdə maraqlı materiallar təqdim edir.
Portalda ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimləriylə müsahibələr, müzakirələr və debatlar, dünya mədəni irsiylə bağlı tərcümə materialları dərc olunur.

Təsisçi: Kamal Abdulla
Baş redaktor: Qismət Rüstəmov
Şef redaktor: Ömər Xəyyam
Redaktor: Cavid Zeynallı

 © sim-sim.az

Welcome Back!

Sign in to your account

Username or Email Address
Password

Lost your password?