AZƏRBAYCAN MİLLİ BİBLİOQRAFİYASI QLOBAL İNFORMASİYA MƏKANINDA
(Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyinə həsr olunur)
Milli məlumat sisteminin tərkib hissələrindən olan milli biblioqrafiya ayrı-ayrı ölkələrdə müxtəlif qaydalarda təşkil olunsa da, onun başlıca vəzifəsi cəmiyyətin biblioqrafik informasiya tələbatının ödənilməsinə xidmət etməkdir. Milli biblioqrafiya tarixən mövcud olub, bir tərəfdən millətin mədəni nailiyyətlərini əks etdirirsə, digər tərəfdən onun inkişafına öz təsirini göstərir.
Kitabxanaçılq-informasiya fakültəsi, Biblioqrafiyaşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Solmaz Azay qızı Sadıqovanın yeni çapdan çıxmış monoqrafiyası “Azərbaycan milli biblioqrafiyası qlobal informasiya məkanında” adlanır. (Sadıqova S.A. Azərbaycan milli biblioqrafiyası qlobal informasiya məkanında: Monoqrafiya-Bakı: ADPU nəşriyyatı, 305 s.)
Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş monoqrafiya çox nəfis şəkildə işıq üzü görmüş, eyni zamanda tərtibatı baxımından da diqqəti cəlb edir. Monoqrafiyada qlobal informasiya məkanında Azərbaycan milli biblioqrafiyasının yeri, rolu və əhəmiyyətinə geniş yer verilmişdir.
On doqquz çap vərəqi həcmində olan monoqrafiyanın birinci fəsli Azərbaycan milli kitabı və onun biblioqrafiyasının təşəkkülü və formalaşmasına həsr olunmuşdur. Birinci fəsildə Azərbaycan milli kitabı – blioqrafiyalaşdırma obyekti kimi və milli kitaba həsr olunmuş biblioqrafik resursun təhlilinə geniş yer verilmişdir. Azərbaycan milli dövri mətbuatının yaranması adlanan ikinci fəsildə Azərbaycan milli mətbuatının biblioqrafik tədqiqi və dövri mətbuata həsr olunmuş biblioqrafik resursların təhlili aparılmışdır. Azərbaycan milli biblioqrafiyasının təkmilləşdirilməsi problemlərndən bəhs edən üçüncü fəsildə müasir informasiya cəmiyyətinin informasiya təminatında milli biblioqrafiya əsas obyekt kimi və Azərbaycan milli biblioqrafiyasının repertuarının yaradılmasında yeni informasiya texnologiyasından istifadə məsələlərindən bəhs edir.
Müəllif nəticə olaraq qeyd etmişdir ki, Azərbaycan kitabxanalarının qarşısında dünyanın qabaqcıl ölkələri kimi, müasir elektron kitabxana xidmətini yaratmaq, kitabxana-informasiya və biblioqrafik ehtiyatlarını dünya informasiya sisteminə inteqrasiyasına malik olmaq kimi ciddi problemlər durur. Bu problemlərin həlli ilk növbədə Azərbaycan tarixi, mədəniyyəti, elmi, təhsili, incəsənəti, maddi və mənəvi dəyərləri haqqında informasiyanı yaymağa, erməni qəsbkarları tərəfindən torpaqlarının 20 faizə qədərinin işğalına və bədnam düşmənlərinin dezinformasiyasına məruz qalmış Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına imkan verəcəkdir.
Kitabın elmi redaktorları Əməkdar elm xadimi, BDU-nun fəxri professoru, tarix elmləri doktoru Abuzər Alı oğlu Xələfov və professor, əməkdar mədəniyyət işçisi Zöhrab Hüseyn oğlu Əliyev, rəyçiləri professor, tarix elmləri doktoru Əsməd İmamməmməd qızı Muxtarova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İslam oğlu İsmayılov, tarix üzrə fəlsəfə doktoru Əlizadə Şəmil oğlu Nəcəfov və redaktoru Ayşən Sadıqlıdır.
Müstəqil respublikamızda milli biblioqrafiyanın informasiya təminatında rolu işıqlandırılmış, uzunmüddətli tədqiqat nəticəsində bir sıra sxem və cədvəllər də verilmişdir. Monoqrafiya kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və tarixşünaslıq baxımından əhəmiyyət kəsb etdiyini nəzərə alaraq sahə mütəxəssisləri, o cümlədən müvafiq ixtisasda təhsil alan tələbələr, magistrantlar, doktorantlar, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, S.A.Sadıqova 150-dən çox əsərin – 1 qrant qalibi, 27 kitab, 9 fənn proqramı, 22 tezisin və 90 məqalənin (o cümlədən 6 məqalə xaricdə çap olunub), 2 dərs vəsaitinin müəllifidir, 6 məqalə, 1 proqram və 1 dərs vəsaiti ingilis dilində çap olunmuşdur. Bir sıra biblioqrafik əsərlərin o cümlədən Ümummilli Liderimiz Heydər Əliyevə həsr edilmiş 3 dildə çap olunmuş biblioqrafik məlumat kitabının (2003) həmmüəllifidir. O, YAP Qadınlar Şurası Rəyasət Heyətinin üzvü kimi də öhdəsinə düşən vəzifəni layinqincə yerinə yetirir. Dosent Solmaz Sadıqova hazırda “İnformasiya cəmiyyəti şəraitində Azərbaycan kitabxanalarında biblioqrafik fəaliyyətin innovativ formaları və elmi metodları (Azərbaycan Respublikası elmi və sahəvi kitabxanalarının materialları əsasında)” doktorluq dissertasiya mövzusu üzərində uğurla çalışır. Solmaz Sadıqovanın 2018-ci ildə elmi məqaləsinin biri (İnitial resources on socio-political information) xaricdə “European Journal of Humatities and Social Sciences” jurnalında Viennada (ingilis dilində) çap olunmuşdur. Eyni zamanda məqalə diploma layiq görülmüşdür.