“Madam Bovari”ylə bağlı mühazirədən fraqmentlər
İndi isə başqa bir şedevrdən, bir pəri nağılından ləzzət almağa çalışaq. “Madam Bovari” silsilə mühazirələrimiz içindəki nağıllardan ən romantikidir. Bu roman üslubi baxımından poeziyadan gözlənilən effekti prozada yaradır.
Uşağa bir hekayə oxuyursuz, o saat sizdən soruşur ki, “doğurdan olub?” Əgər doğurdan olmayıbsa, uşaq israrla sizdən olmuş bir hekayə istəyir. Əlbəttə, kimsə durub desə ki, mister Smit bayaq sürətli, yaşıl pilotlu mavi bir uçan boşqab görüb, o saat soruşarsız ki, “doğurdan?” Çünki bunun doğru olması hansısa formada sizə təsir edəcək, praktiki həyatla bağlı çoxsaylı nəticələr doğuracaq. Amma xahiş edirəm, romanla, ya da şeirlə bağlı “doğurdan olub?” sualını verməyin. Özümüzü aldatmayaq; unutmayın, ədəbiyyatın heç bir praktiki əhəmiyyəti yoxdur, istisna hal kimi, xeyli iş-peşə ola-ola, kimsə durub “ədəbiyyat professoru” olmaq eşqinə düşürsə, o ayrı məsələ. Emma Bovari adlı qız heç vaxt mövcud olmayıb: “Madam Bovari” kitabı isə əsrlər boyu yaşayacaq. Kitablar qızlardan daha uzun ömürlüdür.
Əsər nigahdankənar münasibətlərdən bəhs edir və öz dövründə, mühafizəkar, meşşan III Napaleon üsul-idarəsini dəhşətə gətirən vəziyyətlərlə, eyhamlarla doludur. Hətta bu roman ictimai əxlaqa zidd sayılaraq məhkəməyə də verilib. Təsəvvür eləyin də. Guya sənətçinin əsəri “ictimai əxlaqa” zidd ola bilərmiş. Məhkəməni Floberin udduğunu deməkdən məmnunluq duyuram. Bunlar yüz il əvvəl baş verib. Bizim dövrümüzdə, bizim yaşadığımız əsrdə isə… Nə isə, mövzudan uzaqlaşmayım.
“Madam Bovari”ni Floberin arzuladığı kimi analiz edəcəyik: strukturlar (özü buna “mouvements” demişdi), tematik xəttlər, üslub, poeziya və personajlar baxımından. Bu roman hər biri 10 səhifə uzunluğunda olan 35 hissədən ibarətdir. Hadisələr sırası ilə Ruanda və Tostedə, Yonvildə, Yonvil və Ruanda, yenidən Yonvildə baş verir. Şimali Fransadakı yeparxiya mərkəzi olan Ruan şəhərindən başqa qalan yerlər uydurmadır.
Əsərdəki hadisələr təxminən 1830-1840-cı illərdə, kral Lui-Filip (1830-1848) dönəmində baş verir. Birinci hissə 1827-ci ildə qışında başlayır və bir növ epiloqla bəzi roman personajlarının həyatı 1856-cı ilə, yəni III Napaleon dövrünə, hətta Floberin əsəri bitirdiyi tarixə gətirilir. “Madam Bovari” Ruan şəhərinin yaxınlığındakı Kruassedə, 1851-ci ilin 19 sentyabrın yazılmağa başlanıb, 1856-cı ilin aprel ayında tamamlanıb, iyun ayında naşirə göndərilib və həmin ilin axırlarında “Revue de Paris”də çap olunub. Flober 1853-cü ilin yaz aylarında romanın ikinci hissəsini yazanda, Ruan şəhərindən yüz mil şimalda Çarlz Dikkens “Qaramat ev” əsərini bitirməkdəydi; bundan bir il əvvəl Rusiyada Qoqol ölmüş, Tolstoy isə ilk vacib əsəri olan “Uşaqlıq” romanını çap etdirmişdi.
***
İnsanı yoğuran, formalaşdıran əsasən üç faktor var: irsiyyət, mühit və naməlum “x” faktoru. Bunlardan ikincisi, yəni mühit, ən əhəmiyyətsiz faktordur, “x” faktoru isə ən vacibidir. Əsərlərin sakini olan personajlardan söhbət gedəndə, bu üç faktora da nəzarət edən, istiqamətləndirən və tətbiq edən, şübhəsiz ki, müəllifdir. Madam Bovarinin içində yaşadığı ictimai mühit, eynilə Madam Bovarinin özü kimi, Flober tərəfindən öz məqsədinə uyğun şəkildə yaradılıb; buna görə də floberanə cəmiyyətin floberanə personajlara təsirindən danışmaq öz quyruğunu qovan köpəyin vəziyyətinə düşməkdir. Kitabın yazılmasını körükləyən ilk qığılcım, ya da həmin dövrdəki Fransa mühiti, yaxud müəllifin bütün bunları şərh etməyi –əsərdəki hər şey təkcə Floberin beynində baş verməkdədir. Mən məhz buna görə obyektiv sosial şərtlərin Emma Bovariyə təsirindən danışmaqda israr edənlərə müxalifəm. Floberi insan taleyinin hesab-kitabı maraqlandırırdı, sosial şərtlərin arifmetikası yox.
Həmişə deyirlər ki, “Madam Bovari”dəki personajların çoxu burjuadır. Əvvəlcə Floberin “burjua” sözünə yüklədiyi mənaları aydınlaşdıraq.”Burjua” sözü “şəhərdə yaşayan” mənasından başqa (fransızca əksərən bu mənada işlənir) Floberin lüğətində “meşşan”, yəni həyatın maddi tərəfi ilə maraqlanan və yalnız ənənəvi dəyərlərə inanan adam deməkdir. Flober “burjua” sözünü heç vaxt siyasi-iqtisadi marksist mənada istifadə etməyib. Floberin “burjua”ası portmanatla yox, təfəkkürlə bağlıdır. Əsərin məşhur səhnələrindən birində ferma sahibi ağasından ötrü canı çıxana qədər işlədiyi üçün medal alan yaşlı kəndli qadın, ona hırıldayan burjualardan ibarət jürinin önünə çıxır. Fikir verin, bu səhnədə hər iki tərəf də meşşandır, hırıldaşan siyasətçilər də, axmaq inancları olan qoca qadın da – yəni ki, hər iki tərəfdə floberçi mənada burjuadır. Mən bu terminə konkretlik gətirmək istəyirəm, məsələn deməliyəm ki, bugünkü kommunist Rusiyasında sovet ədəbiyyatı, sovet incəsənəti, sovet musiqisi, sovet idealları köklü şəkildə və bezdirici dərəcədə burjuaziyadır. Kiçik və böyük sovet çinovnikləri burjuaziya ruhunun təcəssümüdür, meşşandır. Floberin “burjua” deyəndə nəyi nəzərdə tutduğuna ən yaxşı örnək müsyö Omenin meşşanlıqlarıdır. Daha yaxşı başa düşülsün deyə əlavə etməliyəm: əgər görüşsəydilər, Marks Floberə siyasi-iqtisadi mənada burjua deyərdi, Flober isə Marksa mənəvi-mədəni mənada… Hər ikisi də haqlı olardı, çünki Flober doğurdan varlı bir bəyəfəndi olub, Marks isə incəsənətə münasibətdə həqiqi meşşan…
(…)
Bir sual: “Madam Bovari”yə realist, ya da naturalist əsər demək olarmı? Məncə, yox. Bir romanın düşünün ki, içində cavan və sağlam ər gecələr oyanıb yatağının arvadı yatan hissəsini boş görür; bir aşiqin pəncərələrə atdığı qum və çınqıl parçalarının səsini eşitmir; ətrafdakı xəbərçilərdən bir dəfə də olsun anonim məktub almır. Bir roman düşünün ki, xəbərçilərin ən böyüyü Omen, əziz Yonvildəki bütün xəyanətə uğrayan ərləri statistik gözlə dəyərləndirməli olan müsyö Omen – Emmanın könül macəralarının heç vaxt fərqinə varmır, heç vaxt öyrənmir. Bir roman düşünün ki, balaca Jüstinin – qan görəndə ürəyi gedən, əli-ayağı bir-birinə dolaşdığı üçün qab-qacaqları qırıb-tökən 14 yaşında, aşırı həssas oğlan – gecə vaxtı şər qarışanda durub qəbristanlıqda bir qadının (üstəlik, ona ölümün açarını vermədiyi üçün qəbirdən durub oğlanı danlaya biləcək bir qadının) məzarı üstə gedir, hönkürə-hönkürə ağlayır. Bir roman düşünün ki, içində ağlasığmaz detallar var (bir faytonçunun qeyri-adi saflığı kimi), bax, bu roman, realizmin (realizm nə deməkdir görən?) ən vacib nümunələrindən sayılıb.
Əslinə qalsa, bütövlükdə ədəbiyyat təxəyyüldür. Bütövlükdə sənət yalandır. Bütün böyük yazıçıların dünyaları kimi, Floberin dünyası da öz məntiqi, öz qaydaları, öz təsadüfləri olan xəyal dünyasıdır. Yuxarıda sadaladığım qəribə qeyri-müəyyənliklər kitabın ümumi sxemiylə toqquşmur – bunları tək-tək tapıb çıxaran da, yayan da darıxdırıcı universitet müəllimləri ilə parlaq tələbələr olacaq. Üstəlik, unutmayın ki, Ceyn Ostinin “Mansfild parkı” romanından bu yana böyük məhəbbətlə analiz etdiyimiz bütün əsərlər öz müəllifləri tərəfindən yarım-yarımçıq şəkildə konkret tarixi dövrlərə otuzdurulub. Bütün reallıqlar nisbidir, çünki hər hansı bir gerçəklik, gördüyümüz pəncərə, hiss etdiyimiz qoxular, eşitdiyimiz səslər – bunlar sadəcə beş duyğu orqanımızın kobud duyğu alış-verişi deyil, həm də informasiya almağın müxtəlif dərəcələridir. Flober yüz il əvvəl Emmanın hədsiz bəyəndiyi sentimental bəylərin və xanımların yazdığı tipdə əsərlərlə qidalanmış oxucular nəsli üçün realist, ya da naturalist ola bilər. Amma realizm, ya naturalizm nisbi anlayışlardır. Bir nəslin yazıçıda naturalizm kimi gördüyü şey, ondan əvvəlki nəsil üçün darıxdırıcı təfərrüatçılıqdan başqa şey deyil, digər tərəfdən daha gənc nəsil də sözügedən detalın kifayət qədər darıxdırıcı olmamasından şikayətlənə bilər. “İzm”lər gəlib-gedir, “izm”lər ölür; sənət qalır.
Buna yaxşıca diqqət edin; ancaq Flober səviyyəsində bədii gücü olan bir usta yazıçı fırıldaqçılar, meşşanlar, bayağılıqlar, insan cildində heyvanlar və yolunu azmış evdar qadınlarla dolu gördüyü çirkab dünyanı götürüb başqa bir şeyə çevirə bilir. Və Flober bu sehrbazlığı həmin dünyanı əmələ gətirən parçaları üslubun daxili gücü hesabına harmonik şəkildə realizə edir; bir tematik xəttdən o birinə keçərkən kontr-səs (kontra-punkt) texnikasından istifadə etmək, gələcəkdəki hadisələri əvvəlcədən sezdirmək, ya da sonraya saxlamaq kimi bədii həll yollarına baş vurur. Flober olmasaydı, Fransada Marsel Prust, İrlandiyada Ceyms Coys olmazdı. Floberin ədəbi təsirləriylə bağlı bu qədər bəsdir.
Floberin üslubu
Floberin kontur-səs (kontr-punkt) metodu deyə biləcəyimiz bir texnikası vardı; bu texnika bir-birinə paralel şəkildə inkişaf edən iki və ya da daha çox dialoqun, yaxud düşüncə xəttinin bir-birinə qarışması, bir-birini kəsməsinə əsaslanırdı. Bunun ilk örnəyini Leon Dyupyi adlı personaj romana daxil ediləndə görürük. Notariusda mirzə işləyən gənc Leon romana Emmadan bəhs edilərkən daxil edilir; kaminin qırmızı alovu, elə bil, Emmanı içərdən yanıb işıqlandırır. Daha sonra başqa bir kişi – Rodolf Bulanje işin içinə girəndə, Emma bu dəfə onun rakursundan təsvir olunur, amma Rodolfun gözləriylə görünən Emma Leonun gördüyü təmiz, saf Emmadan daha cismanidir. Yeri gəlmişkən, Leonun saçı romanın sonrakı səhifələrində “şabalıdı” rəngdə (chataine) olacaq, amma bu səhnədə sarışındır, ya da Emmanı işıqlandıran kaminin alovunda belə görünür.
Beləliklə, aşağıdakı sitatda Şarl ilə Emma Yonvildəki mehmanxanaya gedərkən, aralarında baş tutan söhbət kontr-punktla göstərilib… Flober əsəri yazmağa başlamamışdan düz bir il əvvəl (bir il ərzində səksən, doxsan səhifə yazırmış, əsl mən istəyən yazıçıdır) sevgilisi Luiza Koleyə 19 sentyabr 1852-ci ildə bunları yazıb: “Bu Bovari adlı adam zəhləmi tökür! Mehmanxana səhnəsini yazmaq deyəsən üç ayımı aparacaq. Çarəsizliyim o qədər böyükdür ki, bəzən ağlamaq həddinə çatıram. Amma başımı kəsərəm, o səhnənin üstündən keçmərəm. Eyni vaxtda əsərə beş-altı personaj (bunlar danışacaqlar) və başqalarını (bunların haqqında danışılacaq) daxil etməli, hadisə baş verən mühiti, personajların xarakteristikasını və əşyaları paralel şəkildə təsvir etməliyəm. Üstəlik, bütün bunlar baş verərkən, ortaq zövqləri olduğu üçün bir-birinə aşiq olmağa başlayan bir bəylə bir xanımı təsvir edəcəm. Kaş daha çox yerim olaydı! Səhnə sürətli olmalıdır, amma həm də quru çıxmamalıdır, ləngərli olmalıdır, amma qatı olmamalıdır.”
Beləcə, mehmanxananın geniş zalında bir söhbət başlayır. Dörd nəfər həmsöhbət var. Bir tərəfdə Emma ilə yenicə tanış olduğu Leon söhbətləşir və onların söhbəti Omenin monoloqları ilə, təsadüfi replikaları ilə kəsilir; digər tərəfdə isə Ome Şarl Bovari ilə söhbətləşir, çünki onunla – təzə həkimlə dostlaşmağa can atır.
Birinci səhnə dörd nəfər arasındakı sürətli fikir mübadiləsi ilə açılır: “Ome zökəm olmaqdan qorxduğu üçün icazə istədi ki, fəsini başından çıxarmasın. Sonra yanındakı həmsöhbətinə çevrildi:
– Xanım siz yəqin ki, dəhşət yorulmusunuz! Bizim “Qaranquş”umuz adamı yaman yorur!
– Düzdür, – Emma cavab verdi; amma səyahət məni həmişə əyləndirir, məkan dəyişməyi sevirəm.
Notarius mirzəsi köks ötürüb dilləndi:
– Eyni yerlərə mismarlanıb yaşamaq elə bezdirici şeydi ki!
– Siz də mənim kimi daim at belində olsaydınız, görərdim! – dedi Şarl.
Leon üzünü Madam Bovariyə çevirib dedi:
– Mənim fikrimcə isə at belində gəzməkdən gözəl heç nə yoxdur; əlbəttə, insan bunu bacarırsa, – deyə əlavə etdi.“
(At teması burda görünüb yoxa çıxır)
(…)
***
15 yanvar 1853-cü ildə Flober kitabın ikinci bölümünü yazmağa başlayarkən, sevgilisi Luiza Koleyə belə bir məktub yazır: “Bir səhifəni yazmağa beş günüm getdi. Kitabımda məni narahat edən məsələ “əyləndirici ünsür” deyilən şeyin azlığıdır. Hərəkət azdı. Mən o fikirdə qalıram ki, ideya elə hərəkətdir. Əsəri bu yolla maraqlı eləmək çətindir, fəqət alınmasa günah üslubda olacaq. İkinci hissədən əlli səhifə yazmışam, heç birində hadisə yoxdur. Məqsədim əyalət həyatının meşşanlığı ilə hərəkətsiz bir sevginin fasiləsiz təsvirini yaratmaqdır. Həm ürkək, həm də dərin bir sevgidir bu, amma daxilində təşnəlik yoxdur, buna görə də ifadə etmək çox çətindir. Leon – mənim gənc aşiq obrazım çox mülayimdir. Birinci hissədə də belə idi, öz əri də Emmanı elə Leon kimi sevir. İkisi də eyni mühitin ortabablarıdır, amma yenə də bir-birindən fərqlənməlidirlər. Əgər bacarsam, əla hissə olacaq; çünki bir rəngin üstünə başqa rəng sürtürəm, üstəlik çalarlar da bir-birindən kəskin fərqlənmir.” Flober demək istəyir ki, hər şey üslub məsələsidir, daha dəqiqi, “ölçü və rakurs” məsələsi.
Üslub
Qoqol “Ölü canlar”ı poema adlandırmışdı; Floberin romanı da prozaik şeirdir, amma daha yaxşı hörülüb, daha sıx və incə fakturayla yazılıb. Birbaşa mövzuya girmək və əvvəlcə Floberin “və” bağlayıcısının qabağında nöqtəli-vergüldən istifadə etməyini diqqətinizə çatdırmaq istəyirəm. (İngilis dilinə tərcümədə bəzən nöqtəli-vergüllərin yerinə axsaq vergüllərdən istifadə ediblər, amma biz hər şeyi yerinə qoyacağıq.) Bu “nöqtəli-vergül – və” cütlüyü dalbadal sadalanan hadisə, vəziyyət, ya da nəsnələrdən sonra gəlir; nöqtəli-vergül burda bir nəfəslik, bir fasilə yaradır, özündən sonra gələn poetik, melanxolik və ya əyləndirici olan canlı detalı işin içinə qatmağa yardım edir. Bu, Flober üslubunun özünəməxsus xüsusiyyətidir:
Evliliklərinin əvvəlində: “(Şarl) onun darağına, üzüklərinə, şarfına toxunmaqdan özünü güclə saxlayırdı bəzən onun yanaqlarına möhkəm, ağız dolusu öpüşlər qondurur, bəzən çılpaq qolu boyunca, barmaqlarının ucundan çiyninə qədər xəfif öpüşlərə qərq edirdi; və Emma bir az gülümsünərək, bir az da küsəyənliklə, dalınca düşmüş bir uşağı itələyərmiş kimi itələyərdi onu.”
Birinci hissənin axırında evlilik həyatından bezən Emma: “Bazar günü ikindi zəngləri çalınanda yaman kədərlənirdi! Sərsəmləmişcəsinə zənglərin həmahəng səslənişinə qulaq verirdi. Bir pişik damların üstündə ağır-ağır yeriyir, günəşin solğun şüası altında belini dikəldirdi. Külək ana yolun üstündəki tozu sürükləyirdi. Arabir uzaqlarda bir it hürürdü; və zəng həmahəng zərbələrlə yeknəsək cingiltilər çıxarır, sədası açıqlıqda yoxa çıxırdı.”
Leon Parisə gedəndən sonra Emma pəncərəni açır və buludları seyr edir: “Qərbdə – Ruan tərəfdə topalaşan qara-qara, qıvrım-qıvrım bulud parçaları sürətlə diyirlənirdi, günəş şüaları onların arasından divardan asılmış bir yaraq-yasaq dəstinin qızılı oxları kimi keçirdi, səmanın bozluğunda farfor bəyazlığı vardı. Amma birdən külək qopdu, qovaqlar başını əydi, qəfildən yağış başladı; və yaşıl yarpaqları döyəcləyib kəsdi. Sonra təzədən günəş göründü, toyuqlar qaqqıldaşdı; sərçələr nəmli kolların arasında qanad çırpırdılar; və qumların üzərindən axan sular akasiyanın çəhrayı çiçəklərini yuyub aparırdı.”
Emma ölüb: “Emmanın başı sol çiyninə düşmüşdü. Ağzının açıq yanı sifətində qara bir oyuq kimi görünürdü; baş barmaqları ovuclarının içinə tərəf bükülmüşdü; kirpiklərində bir cür ağ toz vardı; elə bil, gözlərinin üstündə hörümçəklər tor qurmuşdu, onlar zərif bir pərdə kimi, yapışqan bir solğunluq içində yox olmağa başlayırdı. Ədyal sinəsindən dizlərinə qədər düşür, ayaq barmaqlarının ucunda dikləşirdi; və Şarla elə gəlirdi ki, hansısa ağırlıq, dəhşətli bir yük Emmaya təzyiq göstərir.”
Belə deyə bilərək ki, Floberin üslubunda “və”dən istifadənin bəzi örnəklərində çox aydın görünən başqa bir xüsusiyyət də “qat-qat genişlənmə, açılma” metodudur; vizual təfərrüatların dalbadal, sıra ilə düzülməsi, bir şeyin dalınca başqa şeyin gəlməsi, bu və ya digər emosiyanın get-gedə çoxalıb artması. Bunun ən yaxşı örnəyi ikinci hissənin əvvəlidir. Bu hissədə, elə bil, yanımızda bir kino-kamera gedir və qatları hələ açılmamış təbiət mənzərəsini mərhələli şəkildə təsvir edə-edə bizi Yonvilə aparır: “Buasyerdə böyük yoldan ayrılırsınız, Le təpəsinin yuxarısına qədər dümdüz gedirsiniz, oradan vadi görünür. Vadinin ortasından axan çay buranı iki müxtəlif əraziyə oxşadır: solda çəmənlik, sağda əkin sahələri. Çəmənlik təpələrdən əmələ gəlmiş yastığa qədər uzanır, ordan da Bre otlaqlarıyla birləşir, şərqdə yavaş-yavaş yüksəlib genişlənərək davam edir, göz işlədikcə hissə-hissə sarışın buğda tarlaları gözə dəyir. Çəmənliyin yanından axan su çayırların rəngini və təkər izlərini fərqləndirir, beləcə, bu ərazi yumuşaq yaxasına gümüş zolaq çəkilmiş böyük və açılmış bir plaşa bənzəyir.
Üfüqün sonuna çatdınızsa, gözünüzün önündə Sen-Jan təpəsinin yuxarıdan aşağı, müxtəlif ölçülərdə, uzun, qırmızı qırışlarla cızıq-cızıq olmuş, dik yamaclı Argeyl meşəsinin görüntüsü açılacaq; bu qırışlar yağışın izləridir, dağın bozluğunda zərif tor kimi görünən bu kərpic rəngləri isə ətrafdakı mineral su qaynaqlarının varlığından xəbər verir.”
Floberin üslubundakı üçüncü xüsusiyyət – prozadan çox poeziyaya aid özəllikdir – emosiyaları, yaxud ruhi vəziyyətləri mənasız dialoqlar, replikalar vasitəsilə çatdırmaqdır. Şarl həyat yoldaşını təzəcə itirib, Ome dostunu tək qoymayıb.
“Ome ədəb xatirinə ətirşahları sulamaq üçün rəfdən sürahini götürdü.
– Ah, təşəkkür edirəm! – dedi Şarl, çox diqqətcil…
Əczaçının bu hərəkəti ilə ağlına gələn xatirə yığınının yükü altında boğuldu, sözünü bitirə bilmədi.
Onda Ome fikirləşdi ki, Şarlın sıxıntısını dağıtmaq üçün bağbanlıq haqda danışsın; bitkilər susuz qala bilməzdi. Şarl razılıqla başını əydi.
– İsti günlər də geri qayıtmaq üzrədir.
– Elədir, – dedi Bovari.
Əczaçı deyiləsi başqa şey tapmadı, asta-asta pərdələri aralayıb çölə baxdı.
- Baxın, cənab Tyuvaş keçir.
Şarl mexaniki şəkildə təkrarladı:
Cənab Tyuvaş keçir.”
Floberin üslubunu analiz edərkən qarşımıza çıxan başqa bir xüsusiyyət də davam edən, bitməmiş, vərdiş halına gəlmiş bir hərəkəti və ya vəziyyəti ifadə etmək üçün fransız dilinin imperfakt (imparfait) formasından istifadə etməkdir. İngilis dilində buna ən yaxın forma “would” (edərdi) və ya “used to”dur (təxminən, yapmaqda, etməkdəydi); yağışlı günlərdə filan-filan işləri etmək vərdiş vardı; sonra kilsə zəngləri çalardı; yağış kəsərdi və s. Prust hardasa yazır ki, Floberin zamandan istifadədəki ustalığı imperfatklarla əyaniləşir. Prustun fikrincə, bu imperfaktlar Floberə zamanın sürəkliliyini və bütövlüyünü ifadə etmək imkanı verir.
Tərcüməçilər bu mövzuya heç vaxt diqqət etməyiblər. Bir xeyli hissədə hər şeyin təkrar olması, Emmanın həyatındakı monotonluq duyğusu – məsələn, Tostedəki yaşantılardan bəhs olunan hissə – ingilis dilinə yetərli qədər dəqiq tərcümə olunmayıb, çünki tərcüməçilər lazım olan yerlərə “edirdi” (would), ya da “vərdişi vardı” (used to), yaxud “yapardı, edərdi” (woulds) sözlərini qoymaq zəhmətinə qatlaşmayıblar.
Tostesdə Emma balaca bir itlə gəzintiyə çıxır: “Axırıncı gəlişindən bu yana dəyişən nəsə varmı deyə əvvəlcə ətrafına baxırdı. (“baxdı” yox) Otları, yabanı turpları, iri çınqıl daşlarını əhatələyən gicitikan kollarını, örtülü qapaqları paslı dəmirlərin üstündə çürüyüb əldən gedən üç pəncərəni örtmüş yosun təbəqəsini elə qoyduğu kimi tapırdı. (“tapdı” yox)”
Tərcümə: Qismət