O, yoxa çıxandan iki gün sonra keçmiş arvadı narahat olub şəbəkələrdə axtarışa başlayanda biz, yəni dostları birağızdan dedik ki, yəqin Sandoval bizimlə sağollaşandan sonra yeni sevgilisinin yanına gedib. Bu, iyirmi yaşlarında, qayğısız, ayaq biləkləri tatulu qız idi, onlar bir neçə ay idi ki, görüşürdülər. Ola bilsin, gecə başqa cür davam edib, günü hansısa hoteldə, kokain izləri ilə boş rom şüşələri arasında ayaqyalın başa vurublar (Dostları bu cür yersiz hərəkətlərindən xəbərdar idilər, çox vaxt buna dözür, bəzən də qınayırdılar: hərçənd bu əsl riyakarlıq idi, çünki özləri də nə vaxtsa belə gecələr keçiriblər).
Amma şəbəkələrdə tezliklə bəlli oldu ki, tanışlardan onu görən olmayıb; nə yeni sevgilisi, nə anası, nə də qonşuları… Onu görən son şahid isə taksi sürücüsü idi. O, səhərin ilk saatlarında şimal sahilində Sandovalın işini bitirməyini gözləyibmiş. Dediyinə görə, sarı taksinin qapısı açıq imiş, mühərrik də işləyirmiş, Sandoval isə bu vaxt bankomatdan çoxlu pul çıxarırmış. Amma taksistin fikrincə, belə təhlükəli şəhərdə üstündə bu qədər pul gəzdirmək ağılasığmaz idi. Artıq hamı onun qarət edildiyini düşünürdü; bəlkə də elə onu taksidən düşən kimi qaçırmışdılar. Belə təsəvvür edək ki, Sandoval taksidə şəhəri fırlanır, səxavətli kartlarından çıxara biləcəyi qədər pul çıxarır və bəlkə də indi, hər şey olub-bitəndən sonra da qorxu qarışıq arxayınlıqla Boqota çayının sahilindəki hansısa it ulayan yerdən piyada qayıdır.
Şəbəkələrdə ya bizə təsəlli mesajları göndərirdilər, ya Sandovalın təsvirini paylaşaraq kömək olurdular (bir səksən boyunda, vaxtından tez ağarmış qısa saçları olan kişi), ya da optimizmdən uzaq sözlərlə xoş diləklərini yazırdılar, bəlkə də dediklərində həqiqət vardı, amma yenə də çox kədərli olmamağa çalışırdılar. Ancaq taksidən sonra baş verənlərin bədbin ssenarisini yazanlar da var idi. Guya cinayətkarlar bankdan sonra Sandovalı izləmiş, onu tənhalıqda yaxalamış, pulunu, saatını və mobil telefonunu əlindən alandan sonra alnına bir güllə çaxmışdılar.
Sandovalın keçmiş arvadı Alisiya gözlədiyimizdən daha çox narahat olmuşdu, ən azından ictimaiyyət qarşısında belə görünürdü. Onlar Sandoval təhsilini atmamışdan bir qədər əvvəl universitetdə tanış olmuşdular və evliliklərində həmişə bir natarazlıq var idi, sanki Alisiya daima onu güclə irəli sürüyürdü. Sandovala investisiya şirkəti qurmağı təklif edən, ilk müştəriləri tapan, ən yaxşı mühasibləri işə götürən, xərcləri azaltmaq üçün ortaq ofis tutmağı təklif edən və Sandovalı ofisin köhnə olmasının heç bir əhəmiyyət daşımadığına inandıran (axı insanlar ofisi tərk edəndə gəldiklərindən daha çox pulla çıxırlarsa, taxtaları mebel təmizləyicisi qoxan şüşə stolların yaratdığı atmosfer onların elə də vecinə olmur) məhz o idi.
Həmişə Alisiyanın Sandovaldan daha yaxşılarına layiq olduğunu düşünürdük, ona görə Sandovalın yoxa çıxdığı ilk saatlarda bu cür əl-ayağa düşməyi bizi təsirləndirmişdi. Keçmiş ərindən daha sanballı, daha dünyəvi və daha canlı olan bu qadın hər şeyi bir kənara qoyub bizim dostumuz kimi əlçatmaz, bir yerdə durmayan, daima harasa tələsən biri üçün narahat olurdu.
Çox keçmədi ki, bankomatdan çəkilən pulların təyinatı üzrə etibarlı şəkildə çatdırıldığını öyrəndik. İstintaq başlayanda katibəsi “Pul bizə ödəniş etmək üçün istifadə olunmuşdu” dedi. Qadın saat doqquzun yarısı işə çatanda masada üzərində müdirin xətti ilə (o, arxaya əyik yazırdı, elə bil, hərflərin üzünə külək çırpılırdı) səliqəli şəkildə on bir işçinin adı yazılmış zərflər görmüşdü; daha sonra məlum olmuşdu ki, Sandoval təkcə son ayın yox, həm də növbəti iki ayın maaşlarını ödəyib. Bu məlumat yayılanda şəbəkələrdə çoxları onun qəti qərarlar aldığını yazmağa başlamışdı, amma onlar Sandovalın xasiyyətinə bələd deyildilər.
Həmin andan sonra – yəni dərhal ortaya çıxan ödəniş məsələsindən sonra – nə baş verdiyi bilinmirdi; Alisiya bizə istintaq, üzü taraşlı, ləng polislərə ünvanlanan şikayətlər, əvvəlcə xəstəxanalarda başlayıb sonra morqlarda davam edən faydasız axtarışlar və hər şeyi anlayıb zanbaqlı yorğanının altında gizlincə ağlamağa başlayan balaca Malena barədə məlumat verirdi. Biz isə bu qeyri-müəyyənlik ucbatından düçar olduğumuz yuxusuzluğu paylaşmaq üçün gecələr boyu yazışırdıq.
Sandoval itkin düşəndən üç gün sonra şəbəkələrdən bizim ən qorxulu şübhələrimizi təsdiqləyən xəbərlər gəlməyə başladı: o, ölkəni tərk edib. Bu söz-söhbət lazımlı yerlərə gedib çatdı və xeyirxah bir jurnal internetdən götürdüyü şəkilləri çap etdi. Bu şəkillərdə Sandoval, ya da Sandovala çox bənzəyən biri Emiqrasiya şöbəsinin pəncərəsinin qarşısında görünürdü və sanki pasport məmurunun möhür vurmağını gözləyərkən boyun sümüklərini xırçıldatmaq üçün başını arxaya atmışdı.
Görəsən doğrudan belə asanlıqla diqqətdən yayınacağına inanırdı? Bunu heç vaxt bilməyəcəyik. Hərçənd, görünür elə buna inanırmış. Əks halda gizli qalmaq üçün daha ciddi tədbirlər görərdi.
Tezliklə şəbəkələrdə müzakirə aparanlar iki cəbhəyə bölündülər: bəziləri deyirdi ki, əgər Sandoval nədənsə qaçsaydı, gizlənərdi, kapüşonlu jaket, yaxud kepka və ya şlyapa geyinərdi, ya da ən azından üzünü hər yerdə gözümüzə girən kameralardan gizlətmək üçün qara eynək taxardı; digərləri isə iddia edirdi ki, əksinə, gizlənməməsi onun özünü qanundan üstün, toxunulmaz, hər şeyin sahibi kimi gördüyünü sübut edir; o, həmişə bu fikirdə olub və bu sinfin nümayəndələri anadan olandan elə düşünürlər ki, ölkə onların şəxsi təsərrüfatları, onlar da ölkənin yiyəsidir.
Alisiya isə ciddi-cəhdlə insanlardan hörmət tələb edirdi. O, israrla deyirdi ki (yazdıqlarını görmüşdük), heç kimin əlində Sandovalın pis bir şey etdiyinə dair heç bir sübut yoxdur, üstəlik, kameralara düşsə də, hələ də heç bir həyat əlaməti göstərməmişdi. Daha sonra ailəsi bəyanat yayaraq Sandovalın rəsmən itkin hesab olduğunu bildirdi. Bəyanatda deyilirdi ki, keçmiş arvadı da, anası da, dostları da onunla bütün mümkün vasitələrlə əlaqə saxlamağa çalışsalar da, nə bir xəbər, nə də heç olmasa ismarışlarımızı almadığıyla bağlı bir işarə ala bilmişdilər.
Artıq şəbəkələrdə bəziləri ailəsinin iztirablarını görə-görə heç bir reaksiya verməyən Sandovalı bu laqeydliyinə görə təhqir etməyə başlamışdılar. Digərləri isə deyirdilər ki, bəlkə də adamı hansısa maşının baqajında bir çamadanın içində alnında güllə izi ilə ora-bura gəzdirirlər, bu halda o necə reaksiya verə bilər?
Hökumət nümayəndələri ailənin bəyanatına bəyanatla cavab verdilər. Bu bəyanatda deyilirdi ki, senyor Sandoval Qusman saat 7:14-də El Dorado hava limanından emiqrasiya həyata keçirib, 246 nömrəli təyyarəyə minib və yerli saatla günorta 2:39-da Vaşinqtonda eniş edib. Lakin hələ ki, onun Dalles beynəlxalq hava limanında imiqrasiya prosedurlarından keçib-keçmədiyi bəlli deyil. Amma bu barədə bir xəbər əldə olunan kimi ictimaiyyət məlumatlandırılacaqdı.
Vaşinqton? Axı Sandoval niyə Vaşinqtona uçub? Bizə Vaşiqtonla iş əlaqələrinin olduğunu deməmişdi. Alisiyanın da dediyinə görə, orada dost-tanışı da yox idi.
Bir neçə saat ərzində şəbəkələrdə “Sandoval Qusmanı ABŞ-da görmüsünüzmü?” və ya “Have you seen Sandoval Guzman?” adlı qruplar açıldı. Bu qruplarda Sandovala bənzəyən kişilərin fotolarını paylaşırdılar; Vaşinqtonda yaşayan kolumbiyalılar öz təcrübələrinə əsasən məsləhətlərini bölüşürdülər (kimə müraciət etməli, harda axtarmalı və s.); və baş verənlərlə bağlı müxtəlif fərziyyələr irəli sürürdülər (koma, amneziya, insanı keyidən skopolamin zəhərlənmələri – bu halda insan könüllü şəkildə cinayətkarlara itaət edə, sənədlərini təqdim edə bilsə də, özündə olmaya bilərdi). Kimisi onu stadionda gördüyünü, kimisi bar piştaxtası arxasında söhbət etdiyini, kimisi də eyni avtobusla cənuba getdiklərini iddia edirdi. Bir də şəbəkələrdə zavallı Malena barədə danışır, onun uşaq beynində yaranan sualları və Alisiyanın bu suallara verəcəyi cavabları düşünürdülər (düzü, bu, bizə də maraqlı idi, görəsən ana-bala arasındakı bu diaqloqlarda nə qədər həqiqət payı, nə qədər yalan olacaqdı). Biz isə heç vaxt bu barədə anonim suallara cavab vermirdik. “Sən demə, onun Manuella adlı gözəl qızı var imiş… Onu necə qoyub gedib? və s.” Biz nə cavab verirdik, nə də qızın adını düzəldirdik. Bir-iki hərf səhvi mahiyyəti dəyişdirmirdi.
Bir tərəfdən də özümüzə təsəlli verirdik: Malenanın heç dörd yaşı tamam olmayıb, tezliklə bütün bunları unudacaq. Lakin bu da bir həqiqət idi ki, şəbəkələrdə heç nə unudulmurdu, on-on beş il sonra qız böyüyəndə hər şeyi axtarıb tapacaq və öyrənəcəkdi. Axı niyə şəbəkələr heç nəyi unutmur; onlar üçün yalnız xoş xəbərlər, məmnuniyyət və irili-xırdalı uğurlar müvəqqətidir, insan həyatını ləkələyən səhvlər, günahlar, yanlışlar və ehtiyatsız sözlər isə həmişə göz önündədir və adamın üzünə çırpılmağa hazırdır. Bu ləkə heç vaxt getmir və tam təmizlənmir, onu gizlətsək də, üstünü örtsək də, lazımlı elementlərlə təmas edən kimi həyatımızın rəvan gedişatını pozub üzə çıxır.
Qəfil gecə vaxtı bir şayiə dolaşmağa başladı. Səhərin gözü açılmamış gördüyümüz ilk şey bu bəd xəbər idi: Florida ştanının Ceksonvill şəhərində bir oteldə Sandovalın meyiti tapılıb. Deyilənə görə, o, Vaşinqtonda gedəcəyi yeri bildirmədən Qreyhaund avtobusuna minib və Raaylidən, Fayettvildən, Savannadan keçərək on altı saatlıq səfəri tamamlayıb. Oteldə otağına hamburger və bir bakal şərab sifariş edib, yeyəndən sonra sinini dəhlizə, 303 nömrəli otağın qapısının ağzına qoyub; daha sonra səhər yeməyi kartını (adətən otellərdə səhər yeməyi sifarişini düzgün və vaxtında almaq üçün bu kartları qapının çöl cəftəsinə asırlar) karandaşla doldurub. O, qəhvə, portağal şirəsi və qayğanaq xanalarını işarələmişdi; çatdırılma vaxtını isə 7:30 olaraq qeyd etmişdi. Bundan sonra tuman-maykada yatağına keçib, minibardan götürdüyü su ilə bir şüşə yuxu dərmanı udub. Onu tapanda televizor açıq idi, amma heç kim yuxuya getməzdən əvvəl hansı verilişə baxdığını bilmirdi.
Təbii ki, vaxt keçdikcə hər şey, bütün detallar ortaya çıxacaqdı. Lakin bir şey hələ də müəmma olaraq qalır, hələ də müzakirə olunurdu (necə deyərlər, şəbəkələr qaynayırdı): Sandoval niyə öz həyatından qaçmaq istəmişdi? Hələ ki, ancaq fərziyyələr irəli sürə bilirdik: milyonların mənimsənməsi, əxlaqsız hərəkətlərinə görə şantaj? Bəlkə də yetkinlik yaşına çatmamış qızlarla fotoları, ədəbsiz yazışmaları, ereksiya vəziyyətindəki penisinin şəkilləri yayılıb bizi utandıracaqdı? Bəlkə sürgün olunduğunu, ədalətsizliklə və ya bərbad tibbi analiz nəticələri ilə qarşı-qarşıya qaldığını və bu hökmü qəbul etmədiyini öyrənəcəyik? Ən azından bir şeydə həmfikir idik: Sandoval bu səfərlə həyatı yenidən kəşf etmək, yenidən başlamaq istəmişdi. O, başqa biri və ya yeni biri olmaq, yaxud ümumiyyətlə heç kim olmamaq üçün yola çıxmışdı. Təəssüf ki, onu vaxtında tapmadıq. Bəlkə də onu xilas edə bilərdik, yenidən aramıza qayıtmağa razı sala bilərdik.
İspancadan tərcümə: İlahə Əkbər